Separatizmin 30 ili | “Miatsum” ermənilərə nə verdi? - TƏHLİL

Separatizmin 30 ili | “Miatsum” ermənilərə nə verdi? - TƏHLİL
  01 Mart 2018    Oxunub:3734
(Yazının əvvəlini BURADAN oxuyun)

Ermənilər “Miatsum”dan nə qazandılar?! Əminliklə demək olar ki, heç nə. Tam əksinə: Maddi, mənəvi, demoqrafik, sosial-iqtisadi, siyasi, geosiyasi baxımdan Ermənistan çox şey itirdi.
Ölkə işğalçılıq siyasəti ucbatından Azərbaycan və Türkiyə tərəfindən əhəmiyyətli layihələrdən kənarda qaldı. Bu layihələr təkcə iqtisadi deyil, həm də böyük siyasi və geosiyasi əhəmiyyətə malikdir. Məsələn, Azərbaycan geosiyasi cərəyanın hər iki qanadı ilə işləməyə qərar verib. Həm tellurokratiya, həm talassokratiya,- yəni Quru və Su geosiyasi reallıqlarını ustalıqla idarə etməyi bacarır. Məsələn, “Bakı-Ceyhan” daha çox talassokratiyanın qlobal layihəsi idisə, “Bakı-Qars” tellurokrat inteqrasiyanın təzahürüdür.

Azərbaycan açıq dənizə, dünya okeanına çıxışı olmayan ölkədir. Amma onun siyasəti bu şəraitdən yaranan riskləri minimuma endirməyi və nəhəng Su dövlətləri - ABŞ və Britaniya ilə əlaqələrin inkişafına hesablanı. Bakı-Qars Çindən İngiltərəyədək nəhəng Avrasiyanı birləşdirir. Ermənistan burada haradadır?! O, istənilən layihədə Azərbaycan kimi söz sahibi, təşəbbüskar ölkə olmağı yox, gah Rusiyanın, gah da Avropa Birliyinin forpostu rolunu üzərinə götürüb.

Ermənistanın Qarabağı işğalı onun geosiyasi və iqtisadi itkiləri hesabına başa gəlir. Təbii ki, işğalçı işğal olunmuş torpaqlardan gec-tez çıxmalı olacaq. Ermənilər “Böyük Ermənistan” yaratmaq istəyirlər, amma bu ideyanın bir hissəsi olan “Miatsum”un onlar üçün bu qədər ağır nəticələri varsa, digər xülyalar onların xalq və dövlət olaraq başqa millətlərin torpağı hesabına əldə etdiklərinin tamamilə itirilməsinə səbəb ola bilər.

Dünyanın inteqrasiya, həmrəylik və qloballaşma ideyaları ilə birliyə doğru getmək istədiyi müasir sivilizasiyalı dövrdə separatizm, terror və işğalçılıq Ermənistanı müasir beynəlxalq münasibətlərin bir parçası olmaqdan saxlayır. Artıq xalqların öz müqəddəratını təyinetmə ideyası köhnəlib, aktuallığını itirib. Bu, 1960-cı illərdə dünyada, xüsusilə Afrika qitəsində müstəmləkəçiliyə qarşı milli-azadlıq hərəkatlarının əsas prinsipi idi və SSRİ tərəfindən kapitalist Britaniyaya qarşı istifadə olunurdu.

Əgər ermənilər Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını SSRİ ilə əlaqələndirib, bu reallığı qəbul etmirlərsə, nəyə görə SSRİ-nin beynəlxalq hüquqa daxil etdiyi prinsipə istinad edirlər? Bu prinsip həm də ona görə aktual deyil ki, artıq dünya öz müqəddəratını təyinetməni separatizm kimi qəbul edir və ona qarşı çıxır. İspaniya, İrlandiya buna nümunədir. Kataloniyadakı referenduma dünyanın və Avropanın münasibəti bunu sübut etdi. Separatizm artıq heç yerdə qəbul olunmur və dünyanı xaosa aparan bir amil kimi dəyərləndirilir.

Ermənilər isə “Miatsum”u təkcə separatizm yox, terror və işğal vasitəsilə həyata keçiriblər. Bu, faktdır. Dünyada bu siyasəti əsas götürən ölkələrin heç biri indiyədək uğur qazana bilməyib.

“Miatsum” artıq 30 il qabaqkı əhəmiyyətini itirib ermənilər üçün. SSRİ-dən ayrılma ərəfəsində bu, nə qədər aktual idisə, hazırkı Avropa inteqrasiyası dövründə o qədər mənasız, köhnəlmiş faşist ideologiyasıdır. Bəlkə də onun “Anşlyus”la tək oxşarlığı elə budur.



Nəzakət Məmmədova
AzVision.az




Teqlər: #Miatsum   #Separatizmin-30-ili  





Xəbər lenti